REGİONLAR
Gəncədə yeni inşa edilmiş məktəb binası istifadəyə verilib
Gəncə, 21 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin yeni inşa edilmiş 760 yerlik binasının açılış mərasimi keçirilib.
Şəhər Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təhsil müəssisəsi 2021-ci ilin aprel ayından tikilməyə başlanıb. Üçmərtəbəli təhsil müəssisəsində 31 sinif otağı, 2 informatika kabineti, 6 laboratoriya, müəllim, həkim, texniki və elektrik otaqları, kitabxana və oxu zalı, 160 yerlik bufet, 180 nəfərlik akt zalı, qəbul otağı və qarderob müəllim və şagirdlərin ixtiyarına verilib. Həmçinin məktəbdə 2 idman zalı və 2 emalatxana var.
Açılış mərasiminin iştirakçıları əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Yeni məktəb binasının açılış mərasimində təhsil nazirinin müavini Muxtar Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adil Tağıyev, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi Fəraid Qəhrəmanov iştirak ediblər.
Mərasimdə iştirak edən qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.