REGİONLAR
Gəncədəki ali məktəblərin tələbələri istedadlarını nümayiş etdiriblər
Gəncə, 16 aprel, Rauf Hacıyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan ali məktəb tələbələri arasında ənənəvi bədii yaradıcılıq festivalının Gəncə üzrə seçim turunda şəhərdə fəaliyyət göstərən universitetlərin tələbələri öz istedadlarını nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın məqsəd bölgələrində yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaqdır. Gəncə şəhəri üzrə seçim turunda çıxışlar incəsənətin estrada, aşıq musiqisi, xor, rəqs və bədii qiraət kimi müxtəlif sahələrini əhatə edib.
Münsiflər heyətinin üzvləri - şair Baba Vəziroğlu və bəstəkar Nailə Mirməmmədli festivalın əhəmiyyətindən danışıb, tələbələrin incəsənətə böyük marağının şahidi olduqlarını bildiriblər.
Ötən illərdən fərqli olaraq festivalda peşə liseyləri və kolleclərin tələbələri də iştirak ediblər.