REGİONLAR
Gəncədəki məşhur “Üçbulağ”ın su təminatı bərpa olunub
Gəncə, 23 iyun, Rauf Hacıyev, AZƏRTAC
İlin bütün fəsillərində, xüsusən də qızmar yay aylarında Gəncə sakinlərini saf və sərin su ilə təmin edən “Üçbulağ”ın su təminatı əvvəlki mənbəyi hesabına bərpa edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncənin Gülüstan yaşayış massivində yerləşən məşhur “Üçbulaq” gəncəlilərə və şəhərə gələn qonaqlara yaxşı tanışdır. Bu bulaq uzun illər şəhər sakinlərini saf və sərin su ilə təmin edib. Bir neçə il əvvəl burada əsaslı təmir-bərpa işləri aparılıb. Nəticədə bulaq müasir görkəmə salınıb, ərazisi genişləndirilib. Eyni vaxtda daha çox insanın su götürməsi üçün bulaqların sayı 3-dən 10-a çatdırılıb. Bununla belə bir neçə müddət idi ki, bulağa su fasilələrlə verilirdi. Bu isə sakinlərin haqlı narazılığına səbəb olurdu.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Üçbulağ”ın su təminatı bərpa edilib. Bundan sonra bulaq fasiləsiz fəaliyyət göstərəcək və sakinlər günün istənilən saatında buradan su götürə biləcəklər. Bulağa su Göygöldən çəkilən içməli su xəttindən verilir. Ərazidə abadlıq və təmizlik işləri də aparılıb. Bu da “Üçbulağ”ın sakinlər tərəfindən istirahət guşəsi kimi istifadə etmələrinə imkan yaradır.