ELM VƏ TƏHSİL


Gəncədəki qədim məhəllələrin araşdırılmasına başlanılmışdır

Gəncə, 29 noyabr (AZƏRTAC). Tarixi mənbələrə görə, Gəncədə 70-dən çox məhəllə mövcud olmuşdur. Qədim türk tayfalarının yerləşməsi səbəbindən burada tayfaların hər birinin xüsusiyyətinə görə məhəllələri də seçilmişdir. Bütün bunları nəzərə alan AMEA-nın Gəncə Elmi Mərkəzinin alimləri həmin məhəllələrin elmi cəhətdən araşdırılmasına başlamışlar.

Mərkəzin şöbə müdiri, tarix elmləri namizədi Samir Pişnamazzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bu məhəllələrin öyrənilməsi Gəncənin tarixinin öyrənilməsi üçün çox əhəmiyyətlidir. Gəncədə məhəllələri araşdırmadan onun tarixini öyrənmək qeyri-mümkündür. Çünki şəhərin özü başdan-başa məhəllələrdən ibarətdir. Odur ki, araşdırmalar zamanı ən çox diqqət elmi mənbələrə əsaslanmaqla bu məhəllələrin xüsusiyyətlərini öyrənməyə yönəldilmişdir. Məsələn, Şahsevənlər məhəlləsi ilə Mollacəlil məhəlləsi başqa-başqa xüsusiyyətlərə malikdirlər. Araşdırmalar zamanı məlum olmuşdur ki, Gəncənin məhəllələri dini mənsəblərinə görə də fərqlənmişlər. Elə bu baxımdan şəhərdə 38 məscid mövcud olmuşdur və onlardan yalnız 18-i bizim dövrə gəlib çatmışdır.

Gəncə məhəllələrinin araşdırılması məqsədilə yaşı 100-ü keçmiş şəhər sakinləri ilə də söhbətlər aparılır. Onların fikir və mülahizələri əsasında tədqiqat işləti davam etdirilir.

Toplanan materiallar elmi təsdiqini tapdıqdan sonra onun kitab halında çap edilməsi nəzərdə tutulmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.