REGİONLAR


Gəncəli sənətkarın əl işləri: “Zülfüqar”, qılınc, beybud, yamən… FOTO VİDEO

Gəncə, 3 yanvar, Elcan Məmmədov, AZƏRTAC

İslamda ədalətin rəmzi sayılan, müqəddəs hesab olunan dini əşyalardan biri də İmam Əlinin qılıncı “Zülfüqar”dır. İnsanlarda “Zülfüqar” qılıncı ilə bağlı ən geniş yayılmış təsəvvür onun haçauclu olmasıdır. Bu gün də “Zülfüqar” qılıncı hazırlanan suvenirlərdə, bəzək əşyalarında rəmzi olaraq ikihaçalı qılınc kimi təsvir olunur. Ancaq əslində, bu təsəvvür də doğru bildiyimiz yanlışlar sırasına daxildir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Əməkdar rəssam Mübariz Əkbərov deyib.

Mübariz Əkbərov evindəki kiçik emalatxanasında xəncər, qılınc, beybud, yamən, şpaqa, kukri və digər silah növlərini hazırlamaqla məşğuldur. Həmçinin Azərbaycana məxsus itib-batmaqda olan qədim silah növləri də onun əl işləri arasındadır.

“20 ildir ki, “Zülfüqar” qılıncının forması və onun üzərində hansı naxışların olduğu haqqında araşdırmalar aparıram. Bir çox ölkələrin muzey işçiləri, ədəbiyyatçıları və din xadimləri ilə söhbət etmişəm. Araşdırmalarım nəticəsində belə qərara gəlmişəm ki, “Zülfüqar” qılıncının uc hissəsi daxildən ikitərəflidir. Bunun isə bir çox üstünlükləri var. Bir çox mənbələrdə isə qılınc ikihaçalı təsvir olunur. Məncə bu, yanlış fikirdir, çünki fiziki olaraq ikihaçalı qılıncı idarə etmək çox çətin olar”, - deyə M.Əkbərov bildirib.

Əməkdar rəssam uzun araşdırmalardan sonra polad və gümüşdən düzəltdiyi “Zülfüqar” qılıncını bir ilə ərsəyə gətirib. Qınını İslamın müqəddəs daşlarından sayılan əqiq və naxışlarla bəzəyib. Qılıncın üzərində isə ərəb dilində “Əli kimi igid, Zülfüqar kimi qılınc yoxdur” sözləri yazılıb. Qılıncın təxmini qiyməti əlli min manatdan yuxarıdır.

M.Əkbərov 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2001-ci və 2004-cü illərdə Gəncədə, 2003-cü ildə Bakıda fərdi sərgiləri təşkil olunub. Əsərləri Türkiyə, Almaniya, İngiltərə, Fransa və Rusiya kimi bir çox xarici ölkələrdə nümayiş olunan rəssamın əl işləri məşhur muzeylərdə və fərdi kolleksiyalarda saxlanılır.

Onun əsərləri arasında ispan və ingilis xanımlarının istifadə etdiyi “pika”, ərəblərə məxsus “yamən”, Nepala xas olan “kukri”, fransızlara məxsus “şpaqa” və Yaponiyanın simvoluna çevrilən “katana” kimi əl işləri də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.