REGİONLAR
Gəncənin Hacıkənd qəsəbəsindəki düşərgədə gənclər vəhşi təbiətin sirlərini öyrənirlər VİDEO
Gəncə, 28 iyul, AZƏRTAC
Gəncənin Hacıkənd qəsəbəsində 60 gəncin iştirakı ilə ekoloji düşərgə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, düşərgə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər Turizmi” İctimai Birliyinin təşkilatçılığı ilə “Ekoloji turizmin inkişafında gənclərin iştirakı” adlı layihə çərçivəsində həyata keçirilib.
Layihənin icrasında məqsəd gənclər arasında ekoloji turizmin təbliği və maarifləndirməni genişləndirməkdir. Həmçinin ətraf mühit və təbii ehtiyatların milli sərvət kimi gələcək nəsillər üçün qorunub saxlanmasını gənclərə təbliğ etməkdir.
Hacıkənd meşə massivində təşkil olunan düşərgədə gənclər qurduqları çadırlarda qalaraq, ekoturizm üzrə nəzəri və praktiki təlimlərdə iştirak edirlər.
“Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı bildirib ki, düşərgədə gənclər asudə vaxtlarında atıcılıq, səmti müəyyən etmə, atçılıq və bu cür digər fəaliyyətlərlə məşğul olurlar. Bu fəaliyyətlər gənclərə vəhşi təbiətdə qalarkən vaxtlarını necə maraqlı keçirə biləcəklərini öyrədəcək.