SİYASƏT
Gəncənin ali təhsil müəssisələrində Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçirilir
Gəncə, 14 iyun (AZƏRTAC). Gəncənin ali təhsil ocaqlarında ölkəmizin həyatında müstəsna rol oynamış Milli Qurtuluş Günü münasibətilə müxtəlif tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin müasir Azərbaycanın həyatında yeni eranın başlanğıcı olduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, 1993-cü ildə, ölkənin ictimai-siyasi həyatında gərginlik hökm sürdüyü bir vaxtda Ulu Öndər hakimiyyətə gəlmiş və qısa vaxt ərzində ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsaslı şəkildə dönüş yaratmışdır.
Azərbaycan Texnologiya Universitetində Milli Qurtuluş Gününə həsr edilmiş tədbirdə isə əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edənlər Ulu Öndərin böyük siyasi iradəsi, qətiyyəti və müdrikliyi sayəsində ölkəmizin tərəqqisi naminə görülən işlərdən söhbət açmışlar.
Sonda Qurtuluş gününə həsr edilmiş “Bilik” yarışmasında xüsusi bacarıq nümayiş etdirən tələbələrə mükafatlar təqdim edilmişdir.