REGİONLAR
Gəncəyə gələn turistlərin yan keçə bilmədikləri məkanlar
Gəncə, 4 oktyabr, AZƏRTAC
Yay aylarında Gəncənin tarixi-memarlıq abidələri yerli və xarici turistlərin diqqət mərkəzində olub. Azərbaycanın, xüsusilə qədim Gəncənin tarixini əks etdirən muzey və mərkəzlər bu yay çoxlu sayda turisti özünə cəlb edib.
Əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də Gəncənin ən çox turist qəbul etdiyi məkan dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksi olub. Məqbərəni ümumilikdə 4010 nəfər ziyarət edib. Onlardan 505 nəfəri xarici turist olub. Xarici turistlər əsasən Türkiyədən, Gürcüstandan, İran İslam Respublikasından və Rusiya Federasiyasından gələnlərdir. Qala qapıları Arxeologiya və Etnoqrafiya Muzey-Abidə Kompleksini isə 500 nəfərdən artıq turist ziyarət edib. Digər mədəniyyət ocaqlarına nisbətən daha gənc olan Məhsəti Gəncəvi Mərkəzi də bu yay diqqətdən kənarda qalmayıb.
Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva AZƏRTAC-a deyib ki, yay mövsümündə mərkəzi ziyarət edənlərin sayı 600 nəfərə çatıb. Onlardan 50 nəfəri xarici turist olub. Muzeydəki miniatür obrazlar və heykəltəraşlıq nümunələri, sərgi salonu, elektron kitabxana, milli musiqi alətləri və milli geyimlər sərgisi turistlərdə böyük maraq oyadıb.