CƏMİYYƏT
Gənclər Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün fəal çalışırlar
Bakı, 29 oktyabr, AZƏRTAC
Cəbhə bölgəsində döyüşlərin gərgin getdiyi bir dövrdə ordumuza, dövlətimizə dəstək olmaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmaq məqsədilə gənclər də gərgin çalışırlar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə onlar müxtəlif ölkələrin parlament, konqres, senat üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciət ünvanlayır, Ermənistanın ölkəmizə yönəlmiş işğal, aqressiya, terror siyasəti haqqında məlumatlar verirlər.
Ermənistanın əsassız ərazi iddiaları, hazırda beynəlxalq hüququn prinsip və normalarını pozaraq hərbi əməliyyatların aparılmadığı Gəncə, Tərtər, Ağdam, Füzuli, Mingəçevir, Bərdə, digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törədilən terror aktları bu məktublarda əksini tapır.
Gənclərin məktublarına Baptist Dünya İttifaqı İnteqral Missiyasının rəhbəri Everton Cekson, Bosniya və Herseqovina parlamentinin üzvü Semsudin Mehmedovic, İrlandiya parlament qrupunun sədri müavini Cian Okallaqan ölkəmizin haqlı mövqeyini dəstəkləyən cavablar veriblər. Onlar BMT qətnamələrinin tələblərini pozan Ermənistanın işğalçılıq, aqressiya və terror siyasətini pisləyərək Azərbaycan xalqı ilə həmrəy olduqlarını vurğulayıblar.
Gənclərimiz Azərbaycanın ədalətli mövqeyini qoruyan həmin şəxslərə minnətdarlıq ediblər.
ABŞ-ın Kaliforniya və Corciya ştatlarını təmsil edən senatorlar Dianne Feinstein və Kelli Leoffler, Almaniya Bundestaqının üzvü Mahmut Özdemir gənclərə cavab məktublarında Azərbaycanın yanında olduqlarını bildiriblər.