REGİONLAR
Gənclər Culfa rayonunda tarixi abidələrlə tanış olublar
Naxçıvan, 18 may, AZƏRTAC
Gənclərin “Naxçıvanı tanıyaq” devizi ilə gerçəkləşən növbəti ekskursiyaları Culfa rayonunda təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ekskursiya çərçivəsində gənclər “Əlincəqala” Tarix-Memarlıq Muzey Kompleksi və Gülüstan türbəsi ilə tanış olublar.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun əməkdaşları Valeh Mahmudov və Çingiz Ağayev ekskursiyanın keçirilmə məqsədi və önəmindən bəhs edərək bildiriblər ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi, gələcək nəsillərə ötürülməsi baxımından belə gəzintilərin təşkili diqqətdə saxlanılır. Zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bunun nəticəsidir ki, muxtar respublikaya turist marağı ildən-ilə artmaqdadır. Gənclərin üzərinə düşən vəzifə isə böyük çətinliklər hesabına qorunub saxlanılan bu mənəvi dəyərləri öncə öyrənmək, sonra təbliğ etməkdir.
Ekskursiyada gənclər tarixi abidələrlə bağlı ətraflı şəkildə məlumatlandırılıblar. İştirakçılar fotolar, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, “Naxçıvanı tanıyaq” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar növbəti aylarda da davam etdiriləcək. Ekskursiyalar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.