CƏMİYYƏT
Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən iyulun 14-dən avqustun 23-dək keçirdiyi 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
AZGF-dən AZƏRTAC-a bildiriblər ki, Fondun Müşahidə Şurasının qərarına əsasən 161 yerli layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Müsabiqə qaliblərinin siyahısı ilə Fondun veb-saytında tanış olmaq mümkündür.
Müsabiqədə qalib olmuş hər bir gənc qrantın alınması məqsədilə oktyabrın 17-dən etibarən Fondun rəsmi internet saytına öz kodu və şifrəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilər. Gənclərlə Fond arasında qrant müqaviləsinin bağlanması üçün elektron sistemə daxil olaraq “Xidmətlər” bölməsindən istifadə edərək “Müqavilə” pəncərəsinə keçid edilməlidir.