CƏMİYYƏT
Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizələrin qəbuluna başlayıb
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli Fərmanına əsasən, Gənclər Fondunun Nizamnaməsinin 3.1.9-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna aid istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üçün ərizələrin qəbuluna start verilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək. Maliyyələşmə təhsilhaqqı xərclərinin tam və ya qismən ödənilməsini nəzərdə tutur.
Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub sayt üzərindən Fonda göndərməlidirlər.
Müraciətlərin dəyərləndirilməsi zamanı Azərbaycanın Milli qəhrəmanlarının övladlarına, I, II və III qrup əlil gənclərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladlarına, valideynlərini itirənlərə, valideyn himayəsindən məhrum olanlara və ya internat məzunlarına, I qrup əlil valideyni olan gənclərə, hər iki valideyni əlil olan (I, II və III qrup) gənclərə və aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcək.
Ətraflı məlumatı Gənclər Fondunun rəsmi saytından (https://youthfoundation.az/) əldə etmək mümkündür.