CƏMİYYƏT


Gənclər Fondu yeni proqrama start verib VİDEO

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də Azərbaycan Respublikasının Gənclər Fondu işə düzəlməkdə çətinlik çəkən gənclərin məşğulluğunun artırılması məqsədilə əməkhaqqının qismən maliyyələşdirilməsi proqramına start verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov proqram barədə məlumat verib. Bildirib ki, gənclərimiz daim dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin bütün fəaliyyətində gənclərin maraqları, onların üzləşdiyi problemlərin həlli daim əsas götürülür.

Fərid Cəfərov deyib ki, Gənclər siyasəti haqqında Qanun və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqının qismən maliyyələşdirilməsi Fondun vəzifələri sırasına daxil edilib. “Bununla əlaqədar Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə 16-29 yaşına qədər olan orta ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına start verir. Proqramın həyata keçirilməsi gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş yerlərinin yaradılmasına (xüsusilə də regionlarda), gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək”, - deyə F.Cəfərov bildirib.

İcraçı direktor qeyd edib ki, işə qəbul olunan gənclərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı olaraq monitorinq nəzarəti həyata keçiriləcək. Birinci mərhələdə Bakı şəhərində və digər regionlarda özəl sektorda fəaliyyət göstərən şirkətlər tərəfindən vakansiyalar verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev tədbirdə çıxış edərək deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və dayanıqlı islahatlar keçirilir. Bu islahatlarda gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycanın gələcəyi naminə onların layiqli işlə təmin olunması və ölkəmizin ictimai-siyasi, sosial və digər sahələrdə fəal rol almaları üçün dövlət dəstəyinin həyata keçirilməsi üçün ciddi addımlar atılır. “Gənclərimiz Azərbaycan əhalisinin 25 faizindən çoxunu təşkil edir. Gənclər siyasətinin nəticəsi olaraq, onlar bu gün ölkəmizin həyatının müxtəlif sahələrində aparıcı rollara malikdirlər”, - deyə F.Musayev bildirib.

Gənclər siyasətinin həyata keçirilməsində Gənclər Fondunun fəaliyyətini qeyd edən Dövlət Məşğulluq Xidmətinin rəisi deyib ki, həyata keçirilən bu növbəti proqram da bunun əyani sübutudur.

Fuad Musayev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin məşğulluq istiqamətində görülən işlər barədə məlumat verib. O, təmsil etdiyi qurum tərəfindən gənclərin məşğulluğunun artırılması üçün bu proqrama dəstək verməyə hazır olduğunu deyib.

Sonra proqramın təqdimatı keçirilib.

Proqramda iştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiyaya müraciətlərini göndərə bilərlər.

Bakı və regionlarda yerləşən Gənclər evlərində proqram barədə infosessiyalar təşkil ediləcək, bununla yanaşı, müraciət etməkdə çətinlik çəkən şəxslərə Gənclər evlərində müvafiq texniki yardım göstəriləcək.

Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcək.

Gənclər, həmçinin Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.