REGİONLAR


Gənclər Fondunda “Nizami Xəmsəsi” layihəsi həyata keçirilir

Naxçıvan, 17 fevral, AZƏRTAC

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Nizami Xəmsəsi” layihəsinin açılış tədbiri olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev bu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olduğunu bildirib. Qeyd edib ki, bu münasibətlə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamı həm Nizami Gəncəvi yaradıcılığına, həm də Azərbaycan ədəbiyyatına dövlət səviyyəsində verilən ən yüksək qiymətdir.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na Nizami Gəncəvinin də əsərlərinin salınması bir daha onu göstərir ki, Azərbaycanın zaman-zaman dünyanın söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarları sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Elə bu səbəbdəndir ki, yazdıqları əsrlər keçməsinə baxmayaraq, öz bədii dəyərini bu gün də qoruyub”, - deyən Cəbi Quliyev vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən start verilən “Nizami Xəmsəsi” layihəsi çərçivəsində müxtəlif səpkili tədbirlər keçiriləcək, layihə fevralın 20-dək davam edəcək.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Əsgər Qədimov çıxış edərək Nizami Gəncəvi irsinin müxtəlif aspektlərinə nəzər salıb, onun lirik şeirləri, poemaları barədə geniş danışıblar. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatma Bağırova şairin “Sənsiz” qəzəlini bədii qiraət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.