REGİONLAR
Gənclər Fondunun dəstəyi ilə keçirilən “İntellektual Gələcək Bizimlə Gələcək” layihəsinə yekun vurulub
Balakən, 15 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsinin qalibi olmuş “İntellektual Gələcək Bizimlə Gələcək” layihəsinin icrası uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fondun maliyyə dəstəyi ilə reallaşan layihənin həyata keçirilməsində məqsəd gənclərin intellektual potensialını yüksəltmək, gənclər arasında könüllülük prinsiplərini təbliğ etmək, asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaqdır.
İcrasına 2019-cu ilin noyabrında start verilən layihə çərçivəsində Balakən, Zaqatala və Qax rayonlarında təqdimat mərasimləri təşkil edilib, intellektual yarışlar keçirilib. Layihədə, ümumilikdə, 200-dək gənc iştirak edib.
Layihənin Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında reallaşan final yarışında hər üç rayonun gənclərinin təmsil olunduğu 10 komanda mübarizə aparıb.
Yarışa başlamazdan əvvəl layihənin rəhbəri Hacımurad Bicilov və koordinatoru Etiram Sadıqzadə çıxış edərək, Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, innovativ ideyalarının dəstəklənməsi üçün yaratdığı geniş imkanlardan söz açıblar.
Yekun nəticələrə əsasən, Qaxın “Kürmük” komandası yarışın qalibi adını qazanıb. Dövlət İqtisad Universitetinin Zaqatala filialının “Karona” və “Boys” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Yarışın qaliblərinə medal və sertifikatlar təqdim olunub.