CƏMİYYƏT
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
Bakı, 28 mart, AZƏRTAC
Dünyada sürətlə yayılmaqda olan yeni növ koronavirusun (COVID-19) ölkəmiz üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlətimizin başçısının göstərişi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondu da virtual platformalar və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq gənclərin maarifləndirilməsi, mövcud karantin şəraitində onların asudə vaxtının səmərəli təşkili, o cümlədən gənclərin fərdi inkişafı üçün intellektual, əyləncəli və faydalı kontentin təqdim olunması məqsədilə tədbirləri davam etdirir.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, qurumun aparatının və Fondun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları bir aylıq əmək haqlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.