CƏMİYYƏT
Gənclər Fondunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunda olublar.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə qurumun icraçı direktoru Fərhad Hacıyev Fondun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Sonra qurumun əməkdaşları tərəfindən Fondun təqdimatı keçirilib.
Gənclər Fondunun informasiya texnologiyaları üzrə mütəxəssisi Sahil Balazadə qurumun rəsmi saytı, elektron xidmətləri, bazası haqqında geniş təqdimatla çıxış edib. Bildirilib ki, şəffaflığın təmin olunması məqsədilə ölkəmizdə ilk dəfə elektron müraciət sistemi tətbiq edilib. Beş il ərzində Fondun rəsmi saytı vasitəsilə 10 min 548 qeydiyyat qəbul edilib. Onlardan 294-ü gənclər təşkilatlarına, 10 min 254-ü isə fiziki şəxslərə aiddir.
Fondun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov təqdimatında bildirib ki, qurumun maliyyə vəsaiti hesabına indiyədək 9 qrant müsabiqəsi çərçivəsində işğal altındakı şəhər və rayonlar istisna olmaqla, Azərbaycanın bütün bölgələrində gənclər təşkilatları və fiziki şəxslər tərəfindən layihələr həyata keçirilib.
Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva “D” kateqoriyası (səfər qrantları), həmçinin Gənclər Fonduna gəlmiş xarici qonaqlar haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Fondun fəaliyyət göstərdiyi beş il ərzində gənclər tərəfindən 51 ölkəyə, o cümlədən 117 şəhərə səfərlər təşkil edilib.
Görüşün sonunda Fondun fəaliyyətinə dair müzakirələr aparılıb.