CƏMİYYƏT
Gənclər Fondunun yaradılmasının beş illiyi münasibətilə silsilə tədbirlərə start verilib
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qəbildən ilk tədbir dekabrın 8-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, şəhər icra hakimiyyətinin, Sumqayıtın, habelə Xızı, Siyəzən, Xırdalan, Abşeron, Şabran, Qobustan, Şamaxı, Quba, Qusar, Qubadlı və Xaçmaz rayonlarının gənclər və idman idarələrinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından danışıb. O, dövlət gənclər siyasətinin yüksək səviyyədə həyata keçirilməsində Fondun fəaliyyətini xüsusi vurğulayıb.
Fondun icraçı direktoru Fərhad Hacıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. F.Hacıyev dövlətimizin başçısının 2011-ci il 19 dekabr tarixli Fərmanına əsasən yaradılan Gənclər Fondunun ölkə gənclərinə yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu deyib.
İcraçı direktor Fondun indiyədək həyata keçirdiyi qrant müsabiqələrində fəal iştirak edən gənclərə təşəkkürünü bildirərək, layihələrin uğurla icrasında region gənclərinin fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Fondun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva qurumun fəaliyyətinə dair təqdimatla çıxış edib. Qeyd edilib ki, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub ki, onların 3341-i dəstəklənib. Eyni zamanda, səfər qrantları ilə bağlı 384 müraciətin 267-nə müsbət cavab verilib.
Digər çıxışlarda da gənclərin təşəbbüslərinin dəstəklənməsi, onların fəallığının artırılmasında Fondun fəaliyyəti yüksək qiymətləndirilib. Gənclər səmərəli fəaliyyətinə görə Fondun rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.