REGİONLAR
Gənclər Günü münasibətilə Gəncədə bir qrup gənc mükafatlandırılıb
Gəncə, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
2 Fevral - Gənclər Günü münasibətilə Gəncədə bir qrup gənc mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhər rəsmiləri, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.
Çıxış edənlər dövlət gənclər siyasətindən danışıb, gənclərə göstərilən dövlət qayğısından söz açıblar.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov bildirib ki, 2 Fevral - Gənclər Günü 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsis olunub. İdarə rəisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və böyük qələbələr qazandırdığını vurğulayıb.
Müşviq Cəfərov qeyd edib ki, ümumilikdə, Gəncə şəhərində gənclərin sayı 95 min nəfərdir. Bu isə şəhər əhalisinin 32 faizini təşkil edir. Gəncədə 6 tələbə gənclər təşkilatı, 5 gənclər klubu, 10-dan çox gənclər ictimai birliyi, 17 idman təşkilatı var. Bu təşkilatların hər biri gündəlik fəaliyyətləri ilə vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verirlər. Təkcə 2016-cı ildə gənclərin iştirakı ilə həyata keçirilən layihələrdə 90 minə yaxın gənc iştirak edib.
Yığıncaqda icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Azərbaycan gəncliyinin qazandığı nailiyyətlərdən və Gəncə şəhərində gənclər üçün yaradılan imkanlardan danışıb.
E.Rzayev Prezident İlham Əliyevin gənclərin inkişafı və onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu nəticələrindən, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən, eləcə də ötən il “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində görülmüş işlərdən də söz açıb.
Tədbirdə çıxış edən fəal gənclər uğurla həyata keçirilən dövlət gənclər siyasətinin onların inkişafına təkan verdiyini və özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını vurğulayıblar.
Sonda ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.