REGİONLAR
Gənclər Kəngərli rayonunda yaşayan şəhid ailələrini ziyarət ediblər
Kəngərli, 30 mart, AZƏRTAC
Muxtar respublikada şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə şəhid ailələri davamlı olaraq ziyarət edilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin, Gənclər Fondunun və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Qabıllı və Qarabağlar kəndlərində yaşayan şəhid ailələri ziyarət olunub.
Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz İbrahimov Qurban Namiq oğlunun, Əliyev İbrahim Mustafa oğlunun, Qasımov Həmid Oruc oğlunun və Əsgərov Vüqar Rza oğlunun ailə üzvləri ilə görüşüblər. İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər.
Gənclər və idman nazirinin müavini, Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda, vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.