MƏDƏNİYYƏT
Gənclər Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Bakı, 22 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 22-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyət-100” adlı “dəyirmi masa” keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Tahir Sadıqov cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik baxımından mühüm işlərə imza atdığını söyləyib. Diqqətə çatdırıb ki, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi demokratik respublikanın əldə etdiyi nailiyyətlər olub.
Dünya Azərbaycanlıları Gənclərinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Tofiq Əlizadə, Sevastopolda “Qobustan” radiosunun redaktoru Həbib Əliyev, şairlər Zərəngiz Dəmirçi, Zaməddin Ziyadoğlu və başqaları Cümhuriyyət dövründə ordu quruculuğu, siyasət və iqtisadiyyatda baş verən irəliləyişlərlə yanaşı, Azərbaycan ədəbiyyatının da özünəməxsus inkişaf yolu keçdiyini bildiriblər.
Tədbirdə Cümhuriyyət dövrünə həsr edilən videoçarx nümayiş etdirilib.