CƏMİYYƏT


Gənclər paytaxtı Mingəçevirdə ilin ilk düşərgəsinə start verilib

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 6-dan 10-dək 2023-cü ilin Gənclər paytaxtı seçilən Mingəçevir şəhərində ilin ilk “Gənclərin Məşğulluq Məktəbi” adlı Qış düşərgəsi başlayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, düşərgənin ilk günü iştirakçılar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək Mingəçevir şəhərində yerləşən abidəsini ziyarət ediblər.

Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən düşərgənin açılış tədbirində iştirak edən rəsmilər və qonaqlar dövlətin gənclər üçün yaratdığı imkanlardan, bu imkanların gənclər üçün əlçatanlığından, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində atılan addımlardan və düşərgə müddətində həyata keçiriləcək təlim və seminarların əhəmiyyətindən bəhs edərək iştirakçılarla karyera inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

Açılış tədbirindən sonra düşərgənin ilk günündə intellektual yarış, komanda quruculuğu oyunu, səyyar konsultasiya xidməti keçirilib, günün yekununda iştirakçıların təəssüratları müzakirə edilib və əyləncəli musiqili proqram keçirilib.

Beş gün davam edəcək düşərgə müddətində karyera planlaması, səyyar konsultasiyalar, əmək bazarının tələbləri, düzgün iş məqsədlərinin təyini, effektiv iş axtarışı yolları, CV yazılışı, istək məktubunun yazılma qaydası, müsahibəyə hazırlıq qaydaları mövzularında təlimlər, panel müzakirələr, müxtəlif peşələr üzrə ustad dərsləri keçiriləcək, əyləncəli enercayzerlər, komanda quruculuğu və intellektual oyunlar təşkil olunacaq. Hər günün sonunda isə gəncləri konsert proqramı gözləyir. Düşərgə müddətində Gənclər Paytaxtına kiçik ekskursiya təşkil olunacaq.

Ümumilikdə düşərgədə iştirak məqsədilə mindən çox müraciət daxil olmuş, onlar arasından 120 gənc isə seçilərək iştirakçı hüququ qazanıb.

Seçim zamanı sonuncu kurs tələbələrinə və yeni məzun olmuş ictimai fəal gənclərə üstünlük verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.