CƏMİYYƏT
Gənclər Təşkilatları Milli Şurası “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyasına start verib
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanın vahid gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə “Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyasına start verib.
AZƏRTAC xəbər verir ki, kampaniyanın əsas məqsədi BMT-nin qəbul etdiyi 17 dayanaqlı inkişaf məqsədi haqqında gənclər arasında təbliğat-təşviqat işlərinin aparılması, gənclərin maarifləndirilməsi, sosial proqramlara və aktiv ictimai fəaliyyətlərə cəlb olunması, nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədinə nail olmaqda gənclərin rolunun artırılmasıdır. Kampaniya gənclərin daha yaxşı gələcəkdə yaşamasının təminatçısı kimi onların məşğulluq, təhsil sahəsində çatışmazlıqlar, HİV/QİÇS mövzusunda məlumat azlığı məsələlərini önə çıxarmaqla, aparıcı təbəqənin ictimai-sosial mövqeyinin formalaşmasında və asudə vaxtının təşkilində yaşanan problemləri, eləcə də gender problemləri və erkən nikah kimi mövzuları əhatə edir.
“Gənclər daha yaxşı gələcək uğrunda” kampaniyası çərçivəsində dayanıqlı inkişaf məqsədlərini təşviq edən və müxtəlif maarifləndirici, statistik məlumatların, qrafiklərin özündə əks olunduğu videoinfoqrafiklərin hazırlanması, sosial şəbəkələrdə tanıtım işinin aparılması, keyfiyyətli təhsil, gender bərabərliyi, yaxşı səhiyyə və rifah məqsədlərini özündə birləşdirən sosial videoçarxların çəkilməsi və sosial şəbəkələrdə paylaşılması nəzərdə tutulub. Həmçinin Lənkəran, Şəki, Quba və Gəncədə təlim kursları təşkil olunacaq.
Kampaniya müddətində Gənclər Təşkilatları Milli Şurasının üzvü olan 114 gənclər təşkilatı və digər gənclər təşkilatları arasında sorğu keçiriləcək. Sorğunun əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədinin məlumatlılıq səviyyəsini müəyyənləşdirmək, aktual məsələ və vəzifələri aşkarlamaqdır. Sorğuda 300 gəncin iştirakı planlaşdırılır. Sonda sorğunun nəticələri ilə bağlı hesabat hazırlanaraq ictimaiyyətə çatdırılacaq.
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynovun start verilən kampaniya haqqında fikirlərini bölüşərək deyib: “Dünya liderləri tərəfindən qəbul olunan Dayanıqlı İnkişaf Məqsədi yaşadığımız dünyanın gələcəyini müəyyənləşdirən, hər birimizin sabahına təsir göstərəcək istiqamətləri əhatə edir. Dayanıqlı İnkişaf Məqsədi çərçivəsində icra mexanizmlərinin, ölkə prioritetlərinin formalaşdırılmasında və məqsədlərə nail olmaqda gənclərin fəallıq göstərməsi vacibdir”.
BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin baş müşaviri Fərid Babayev isə bildirib ki, bu günün gəncləri sabahın liderləri və müxtəlif istiqamətlərdə çalışacaq inkişaf mühərrikləridir. “Gəncləri Dayanıqlı İnkişaf Məqsədi haqqında maarifləndirməklə, onların potensiallarını üzə çıxarmaq mühüm şərtdir”.