CƏMİYYƏT
Gənclər Təşkilatları Milli Şurasının baş katibi Rusiyada keçirilən beynəlxalq tədbirdə ekspert qismində iştirak edib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Məryəm Məcidova Rusiya Federasiyasının Altay regionunun Belokurixa şəhərində keçirilən “Həyat və inkişaf naminə könüllü təşəbbüsləri” mövzusunda II Beynəlxalq konfransda ekspert qismində iştirak edib. Konfrans BMT Könüllüləri və BMT İnkişaf Proqramı, Rusiya Federasiyası Milli Kadr Hazırlığı Fondu və Rusiya Federasiyası Könüllü Mərkəzləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, X Beynəlxalq Gənclərin İdarəçilik Forumu çərçivəsində keçirilən konfransda 100-dən çox gənc iştirak edib. Əsas məqsədi gənclərin könüllülük bacarıqlarının inkişafı, beynəlxalq könüllülük təcrübələrin mübadiləsi olan tədbirdə ilk dəfə MDB ərazisində könüllülük sahəsində əməkdaşlıq mexanizmi açıqlanıb.
Tədbirin 1-ci hissəsi panel müzakirələri ilə keçirilib. Konfrans çərçivəsində MDB ölkələrində könüllülük sahəsində əməkdaşlıq üçün yeni mexanizmlər müzakirə olunub və ideyalar irəli sürülüb. İkinci hissədə qruplarda MDB ölkələrində könüllülərin inkişaf strategiyası mövzusunda iş aparılıb. Qrup işinin sonunda 10 layihə ideyası təqdim olunub və onların həyata keçirilməsi barədə perspektivlər müzakirə edilib.
Məryəm Məcidova ekspert qismində Azərbaycan gənclər siyasəti haqqında təqdimatla çıxış edib. Gənclər Təşkilatları Milli Şurasının baş katibi Azərbaycanda formalaşdırılmış könüllülük hərəkatından və bu hərəkata dövlət dəstəyindən danışıb.