CƏMİYYƏT
Gənclər Təşkilatları Milli Şurasının növbəti iclasında quruma yeni üzvlər qəbul olunub
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda NAYORA-ya üzv olan və üzvlük üçün müraciət edən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan məclisə sədrlik edən İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədov gənclər təşkilatlarının rəhbər və nümayəndələrinə iştirak üçün minnətdarlığını bildirib.
NAYORA-nın sədri Azər Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə yüksək diqqət və qayğısı, ölkədə gənclər üçün yaradılan geniş imkanlar barədə məlumat verib. O, Vətən müharibəsinin birinci ildönümünə bir neçə gün qaldığını və bununla bağlı NAYORA-nın və gənclər təşkilatlarının müxtəlif tədbirlər həyata keçirəcəklərini qeyd edib.
Şuranın baş katibi Ramin Həbibzadə qurumun 2021-ci ilin martından sentyabra qədər olan dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək, keçirilən tədbirlər, layihələr və onlayn kampaniyalar haqqında məlumat verib.
Tədbirdə üzvlük üçün müraciət edən “Abşeron Gənclərin İnkişafı”, “Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi”, “Gənc İnsan Hüquq Müdafiəçiləri”, “Azəri Gənclər Alyansı”, “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası”, “İsmayıllı İntellektual Oyunlar Klubu” İctimai birliklərinin fəaliyyətləri haqqında təqdimatlar nümayiş etdirilib.
Üzvlük üçün müraciət edən təşkilatların sədrlərinin çıxışlarından sonra səsvermə keçirilib, uğur qazanan təşkilatlar müşahidəçi statusunda NAYORA-nın üzvlüyünə qəbul olunub.