REGİONLAR
Gənclər XV Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançılarla görüşüb
Quba, 13 avqust, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsindən olan gənclər XV Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançılarla görüşüblər.
AZƏRTAC xəbər verir ki, Quba Gənclər Mərkəzində təşkil olunan görüşdə dünya və olimpiya rekordçusu, Pekin olimpiadasının qalibi Oluxan Musayev, Avropa rekordçusu Samir Nəbiyev və onların məşqçisi Oktay Şaxtaxtinski iştirak edib.
Paralimpiyaçılar qarşıdakı mötəbər yarışlara hazırlıqla bağlı fikirlərini bölüşüblər.
İnteraktiv şəkildə keçən görüşdə gənclər tərəfindən idmançılara və məşqçilərinə ünvanlanan suallar cavablandırılıb.
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan 60 gəncin qatıldığı görüşün sonunda qonaqlara Quba rayon Gənclər və İdman İdarəsi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.
Görüş “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına reallaşdırdığı “Rio-2016-ya ictimai dəstək” layihəsinin davamı olaraq təşkil edilib.