İQTİSADİYYAT


Gənclər "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində olublar

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) məlumat turunda iştirak ediblər.

İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, gənclər, ilk növbədə, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olub. Burada onlara mərkəz barədə ətraflı məlumatlar verilib.

İİTKM-nin nümayəndəsi Nicat Hacızadə bildirib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi gələcəkdə də sahibkarlıqla məşğul olmaq istəyən gənclərə stimul verəcək.

Daha sonra gənclərlə Azərbaycanda son illərdə aparılan islahatlar, xüsusilə strateji yol xəritələri, beynəlxalq reytinqlərdə ölkəmizin vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan hüquqi və iqtisadi islahatlar, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, "Azexport" portalı haqqında ətraflı fikir mübadiləsi aparılıb. Sahibkarlıq fəaliyyəti və ixrac prosedurları ilə maraqlanan gənclərin suallarını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, "Azexport" portalının rəhbəri Zaur Qardaşov və İİTKM-nin analitiki Nicat Hacızadə cavablandırıblar.

Qeyd edək ki, Gənclər Təşkilatlarının Milli Şurası 124 gənclər təşkilatını öz ətrafında birləşdirir. Şuranın missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.