CƏMİYYƏT
Gənclər arasında birinci respublika virtual debat çempionatı keçiriləcək
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə pandemiya mövzusunda iyul-avqust aylarını əhatə edən birinci respublika virtual debat çempionatı keçiriləcək.
DVC-dən AZƏRTAC-a bildiriblər ki, onlayn şəkildə və gənclərdən ibarət komandaların iştirakı ilə baş tutacaq layihə respublikanın müxtəlif bölgələrini təmsil edən yüzlərlə gəncin debat arenasında birləşməsinə, onların natiqlik bacarıqlarının inkişafına və pandemiya mövzusunda maraqlı debatların keçirilməsinə şərait yaradacaq. Onlayn çempionat pandemiya və post-pandemiya dövrü barədə gənclərin biliklərinin, araşdırma qabiliyyətlərinin artmasına şərait yaratmaq, gənclər arasında özünü ifadə etmə, dinləmə, əsaslandırma bacarıqlarını inkişaf etdirmək, debat vasitəsilə sağlam rəqabət mühiti yaratmaq və birlik, komanda ruhu formalaşdırmaq məqsədi daşıyır.
Onlayn çempionat çərçivəsində gənclər üçün peşəkar təlimçilərin iştirakı ilə debat və natiqlik təlimləri, eyni zamanda, ekspertlər ilə müzakirələr baş tutacaq. Yekunda respublikanın müxtəlif şəhər və rayonlarından olan gənclərdən ibarət komandaların iştirakı ilə debat turniri keçiriləcək.
Çempionata qatılmaq, natiqlik, inandırma, araşdırma bacarıqlarını inkişaf etdirmək istəyən gənclər www.virtual.debate.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi iyulun 21-dək davam edəcək.
Layihənin tərəfdaşları Milli Debat Proqramı və gənclər üçün müxtəlif faydalı imkanlar, xidmətlər, tədbir və layihələr barədə məlumatları özündə birləşdirən “GencApp” mobil tətbiqidir.