MƏDƏNİYYƏT
Gənclər bilməlidirlər ki, hər bir müharibə bəla, dağıntı və ölüm deməkdir
“Kapellhaus”da “Qərb cəbhəsində dəyişiklik yoxdur” bədii filmi göstərilib
Bakı, 25 noyabr, Ayişə Axundova, AZƏRTAC
Birinci Dünya müharibəsinin 100 illiyi ilə əlaqədar Bakıda keçirilən Alman-Fransız anım həftəsi çərçivəsində noyabrın 25-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində “Qərb cəbhəsində dəyişiklik yoxdur” bədii filminin nümayişi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin əməkdaşları, gənclər, tələbələr, jurnalistlər iştirak ediblər.
Filmin nümayişindən əvvəl çıxış etmiş Almaniyanın və Fransanın ölkəmizdəki səfirliklərinin mədəniyyət üzrə attaşeləri V.Messinger və Y.Zobermann qeyd ediblər ki, hər iki ölkənin səfirlikləri tərəfindən təşkil olunmuş birgə tədbir rəmzi məna daşıyır, yüz il bundan əvvəl Birinci Dünya müharibəsində iştirak etmiş bu iki xalq arasında dostluq və əməkdaşlığı təcəssüm etdirir.
Bildirilib ki, “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi alman yazıçısı Erix Mariya Remarkın eyni adlı romanı əsasında Birinci Dünya müharibəsinin şahidi və iştirakçısı olmuş ABŞ kinematoqrafçıları tərəfindən 1930-cu ildə yaradılmış ilk səsli kinofilmlərdən biridir. Əsər “itirilmiş nəslin” taleyinə həsr edilib. Burada öz vətənpərvərlik borcunu yerinə yetirmək üçün Birinci Dünya müharibəsinin döyüş meydanlarına yollanmış, lakin əzab, dağıntı və ölümlə qarşılaşmış gənclərdən bəhs olunur.
Əminliklə bildirilib ki, film gənclərdə maraq oyadacaq. Bütün hərbi əməliyyatların faciəsi və ağır nəticələri barədə onlarda düzgün təsəvvür olmalıdır, belə faktlar romantikləşdirilməməlidir.
Sonra “Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi göstərilib.