CƏMİYYƏT


Gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər

Bakı, 9 iyul, AZƏRTAC 

Vətəni sevmək, qorumaq hər kəsin ən nəcib və müqəddəs vəzifəsidir. Ümummilli lider Heydər Əliyevin təbirincə desək: “Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər iyulun 9-da Goranboy rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimində səsləndirilib.

Çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər və kütləvi informasiya vasitələrinin əməkdaşları yola salıblar.

Mərasim iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olublar.

Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov çıxışında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Silahlı Qüvvələrimizin işğal olunmuş torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün ən müasir hərbi texnika və silahlara malik olduğunu diqqətə çatdırıb. O, cəbhə bölgəsində yerləşən Goranboyda gənclərin Vətənin müdafiəsinə hər an hazır olduqlarını, bunu zaman-zaman öz əməlləri ilə sübut etdiklərini bildirib. Mübariz və mərd Vətən övladlarının, qəhrəman əsgərlərimizin Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağını Ermənistanın işğal etdiyi ərazilərimizdə dalğalandıracaqlarına əmin olduğunu deyib.

Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçıları təbrik edərək onlara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. Bildirib ki, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksək olan Azərbaycan əsgəri işğal altında olan ərazilərimizi hərb yolu ilə azad etmək gücünə malikdir.

Milli Qəhrəman şəhid Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev, valideyn Rauf Cəfərov çağırışçılara xoş arzularını çatdırıblar və bu gün hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inam ifadə ediblər.

Çağırışçı Mədət Nağıyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə, Azərbaycan əsgərinə olan etimadı doğruldacaqlarına söz verib.

Hərbi orkestrin iştirak etdiyi konsert proqramı və “N” saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları mərasim iştirakçılarında xoş ovqat yaradıb.

Tədbirin sonunda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.