REGİONLAR
Gənclər cəmiyyətin fəal qurucularıdır
Cəlilabad, 3 fevral, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Gənclər Gününə həsr olunan onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl idarənin kollektivi və rayonun bir qrup fəal gənci xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlayn tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Cəlilabad rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov rayon gənclərini əlamətdar gün münasibətilə təbrik edərək əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayan E.Hüseynov, gənclərin cəmiyyətimizin fəal qurucularına çevrildiyini, ictimai-siyasi həyatda fəallığının getdikcə artdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, “Könüllülər ili”ndə ölkəmizdə gənclərin rolu daha da artıb, onlar böyük uğurlara imza atıblar.
Diqqətə çatdırılıb ki, 2002-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün davam Vətən müharibəsində gənclərimiz əsl qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad edilməsində fəal iştirak ediblər. Gənclərimiz qüdrətli sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdiriblər.
Onlayn tədbirdə çıxış edən Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini Elnarə Həsənova rayonun gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, Azərbaycanın çiçəklənməsi naminə onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Digər çıxış edənlər də gənclərin həyatın bütün sahələrində qazandıqları uğurlardan danışıblar.