REGİONLAR
Gənclər daha çox təşəbbüskarlıqla seçilməlidir VİDEO
Xaçmaz, 5 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun fəaliyyət istiqamətləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Quba, Qusar və Xaçmaz rayon mədəniyyət və turizm şöbələrinin tabe müəssisələri üzrə 80-ə yaxın gənc iştirak edib.
Toplantıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun məqsədi və əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barədə ətraflı məlumat verib. Paytaxtda və regionlarda çalışan gənc mədəniyyət işçiləri qrupu hər şeydən əvvəl Azərbaycan mədəniyyətinin təbliğində, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırlmasında, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacaq.
Çıxışlarda gənclər rayonun mədəni həyatında daha yaxından iştiraka dəvət ediliblər. Bildirilib ki, regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsi üçün bir sıra addımlar atılır. Qrupda təmsil olunan gənclər öz kreativ ideyaları ilə rayonda keçiriləcək tədbirlərə rəng qatmalıdırlar.
Gənclərə sosial şəbəkələrdən istifadə zamanı yaşadıqları rayonların turizm potensialı, burada yerləşən tarixi və mədəniyyət abidələrini təbliğ etmək tövsiyə olunub. Bildirilib ki, gənclər daha çox təşəbbüskarlıqla seçilməlidirlər.
Görüşdə gəncləri maraqlandıran məsələlər müzakirə olunub, onların təklifləri qeydə alınıb.