CƏMİYYƏT
Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər
Bakı, 17 fevral, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Salyan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Salyan rayonunda “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans keçirilir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC- a verilən məlumata görə, əvvəlcə RİH başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək Salyandakı dini vəziyyət barədə məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bəşər tarixinə nəzər saldıqda dinin insanlar arasında birləşdirici funksiya daşımaqla bərabər, bəzi hallarda dini-etnik zəmində münaqişələrə səbəb olmasına da təsadüf edilir. Bu cür münaqişələr minlərlə insanın öz həyatını itirməsinə və din məfhumu ilə bağlı insanlarda neqativ düşüncənin formalaşmasına səbəb olur. Sədr müavini deyib ki, dünyada baş verən dini-etnik münaqişələrin əsas kökündə dini ekstremizm fenomeni dayanır.
Gündüz İsmayılov onu da vurğulayıb ki, müstəqilliyimizin ilk illərində bəzi qeyri-ənənəvi cərəyanların ölkəyə axını müşahidə edilib. Bu təriqətlərin bir qismi ekstremist xarakterli dini konsepsiya ilə çıxış edib. Lakin insanların öz adət-ənənələri və ənənəvi dini etiqadlarına bağlı olması və dövlətin bu sferaya nəzarəti gücləndirərək preventiv və profilaktik tədbirlər həyata keçirməsi ekstremist qrupların ölkədaxili fəaliyyətini məhdudlaşdırdı. Qeyd edilib ki, gənclər dini radikalizmin və ekstremizmin təsirinə düşməmək üçün təhsilə, elmə böyük önəm verməli, din haqqında bilgiləri düzgün mənbədən almalıdırlar.
Daha sonra çıxış edən Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev şagirdlərin ümumi dini bilgilərə yiyələnmələrinin əhəmiyyətindən bəhs edib.
Qeyd edək ki, regional konfrans fevralın 18-də öz işini davam etdirəcək.