REGİONLAR
Gənclər erkən nikahın fəsadları barədə maarifləndiriliblər
Ağdaş, 17 mart, AZƏRTAC
Ağdaşda rayon Gənclər və İdman İdarəsinin və Ağdaş Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Erkən nikahlara yox deyək” mövzusunda tədbir keçirilib. Peşə məktəbinin iclas zalında təşkil olunan tədbirdə Gənclər və İdman İdarəsinin, peşə məktəbinin kollektivləri, fəal gənclər iştirak ediblər.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, öncə “Erkən nikahlara yox deyək” mövzusunda hazırlanan videofilmə baxış keçirilib. Sonra mövzu ətrafında çıxışlar olub. Çıxışlarda erkən nikahın ailələrdə yaratdığı problemlərdən danışılıb.
Gənclər erkən nikahın baş verməsinin səbəbləri, bu cür nikahın törətdiyi fəsadlar haqqında fikirlərini bölüşüblər. Bu sahədə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin zəruri olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarına Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan bukletlər paylanılıb.