CƏMİYYƏT
Gənclər erkən nikahın fəsadları barədə məlumatlandırılıblar
Bakı, 8 avqust, AZƏRTAC
Lənkəranda fəaliyyət göstərən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyi “Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir” adlı layihə həyata keçirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ölkədə yeniyetmə və gənclər arasında erkən nikahlar və onun fəsadları, xüsusilə də təhsildən yayınma, ailədaxili zorakılığın, boşanmaların, körpə və ana ölümü hallarının artmasına səbəb olan erkən nikahlara qarşı mübarizəni gücləndirmək, habelə cəmiyyətdə valideyn məsuliyyətini artırmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 3 aydır. Layihə çərçivəsində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ölkə üzrə 16 yaşayış məntəqəsindən seçilən 18-29 yaş arasında 26 gənc üçün Lənkəranda təlim kursları keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Asif İmanlı və Cavad Miriyev, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru Ehtiram Fəttayev mövzu ilə bağlı fikirlərini təlim kursunda iştirak edən gənclərlə bölüşüb, onların suallarını cavablandırıblar.
Kursda iştirak edən gənclərə sertifikatlar, erkən nikahlar və onun fəsadları barədə zəruri məlumat verilib.