CƏMİYYƏT
Gənclər evlərindən şəhid ailələrinin üzvlərinə psixoloji dəstək
Bakı, 18 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin nəzdindəki Gənclər evlərində şəhid ailələrinin üzvləri, müharibə əlilləri, müharibə veteranları və iştirakçılarına psixoloji xidmətlərin göstərilməsinə başlanıb.
Gənclər və idman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vətən müharibəsindən sonrakı üç ay ərzində Gənclər evlərinin psixoloqları tərəfindən şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları üçün 203 psixoloji konsultasiya keçirilib, 611 şəhid və qazi ailəsi ziyarət edilib, onlara mənəvi dəstək göstərilib.
Gənclər evləri tərəfindən sosial-psixoloji reabilitasiya və məsləhət xidmətlərinin daha səmərəli göstərilməsi üçün psixoloqlara kliniki psixologiya üzrə əlavə təlimlər keçirilib. Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri tərəfindən Gənclər evlərinin psixoloqları üçün martın 3-5-də “Hərbi əməliyyatlarda zərər çəkən şəxslərdə yaranan psixoloji problemlər” mövzusunda təlim keçirilib. Təlimdə Gənclər evlərindən 26 psixoloq iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı və İdarələrarası Mərkəzi yaradılıb. İdarələrarası Mərkəzin nəzdində, o cümlədən “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” işçi qrup yaradılıb. Qrupun vəzifələri arasında həmin kateqoriyadan olan şəxslər üçün sosial-psixoloji reabilitasiyanın təşkili nəzərdə tutulub.