ORDU
Gənclər həqiqi hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşürlər
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu il aprelin 1-dən etibarən ölkəmizin hər yerində gənclərin həqiqi hərbi xidmətə çağırışı davam edir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, aprelin 3-də Bakının Qaradağ rayonunda təşkil olunan mərasimdə Xidmətin yerli qurumunun şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, ağsaqqallar, müharibə veteranları, valideynlər və gənclər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, hərbi xidməti şərəflə başa vurmalarını arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.
Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalq qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.
Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.
Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir. Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin, KİV-lərin və QHT-lərin nümayəndələrinin iştirakı gənc çağırışçılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.