CƏMİYYƏT
“Gənclər işçiləri və təlimçiləri üçün qeyri-formal təhsildə şəbəkələşmə” adlı seminarın açılışı olub
Bakı, 29 sentyabr, AZƏRTAC
“Gənclər işçiləri və təlimçiləri üçün qeyri-formal təhsildə şəbəkələşmə” adlı seminarın açılış mərasimi keçirilib.
Açılışda gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Avropa Şurasının Bakı ofisinin rəhbəri Peter Seç, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Avropa Şurası Gənclər Departamentinin proqram icraçısı Rüstəm Abdullayev, Avropa Şurası təlimçilər şəbəkəsinin üzvləri Pərvanə Məmmədova, Cihan Kılıç, SALTO təlimçisi Nuranə Məmmədova iştirak ediblər.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, sentyabrın 30-dək davam edəcək seminarın əsas məqsədi Azərbaycanda qeyri-formal təhsil və təlim fəaliyyətinin keyfiyyəti, əlçatanlığı ilə bağlı vəziyyəti nəzərdən keçirməkdir.
Seminarda, həmçinin Avropa Şurasında gənclər işi və qeyri-formal təhsilin əsasını təşkil edən yanaşmalara nəzər salınacaq, iştirakçılara qeyri-formal təhsillə bağlı ümumi etik və peşəkar standartlar haqqında məlumat veriləcək.