CƏMİYYƏT
Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Yeni Azərbaycan Partiyasının Nəsimi (YAP) rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə dini maarifləndirməyə həsr olunmuş “Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı mövzu ilə bağlı ətraflı məlumat verib. O, Azərbaycandakı tolerant və multikultural mühit barədə danışıb, radikal dini cərəyanların, ekstremizmin təbliğində gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər, xüsusilə maarifləndirmə işinin təşkili məsələlərinin vacibliyini vurğulayıb.
Sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi tərəfindən hazırlanan “Oxu!” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyanın bir sıra ölkələrində dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasına imkan verir. Prezident İlham Əliyev Azərbaycanda 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməklə bütün dünyaya birlik və həmrəylik mesajı verib.
Dini radikalizm və xurafat kimi təhdidlərin mövcud olduğunu deyən komitə sədri qeyd edib ki, Dövlət Komitəsi tərəfindən dini mühitdə cərəyan edən bu kimi mənfi halların qarşısının alınması, eləcə də dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. O, DQİDK-nın sifarişi əsasında “Fitnə”, “Şəhadət”, “Vəhdət qanımızdadır”, “Üfüqdəki gələcək” adlı sənədli filmlərin çəkildiyini diqqətə çatdırıb.
Azərbaycanda dini radikalizmə qarşı mübarizənin qanun çərçivəsində aparıldığını və bu mübarizədə ən təsirli vasitənin məhz maarifləndirmə işinin olduğunu qeyd edən M.Qurbanlı əlavə edib ki, bu il Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən kiçikhəcmli videoçarxların, sənədli filmlərin hazırlanması nəzərdə tutulub.
Sonra mövzu ilə bağlı gənclərin və ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.