REGİONLAR
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
Quba, 21 fevral, Elxan Yusifli, AZƏRTAC
Qubada məktəblilər narkotiklərin, radikal dini təriqətlərin, həmçinin erkən nikahların fəsadları, profilaktikası və qarşısının alınması barədə maarifləndiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubadakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti, Polis və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 150-yə yaxın yuxarı sinif şagirdi iştirak edib.
Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, Rayon Polis Şöbəsinin rəisi Süleyman Nemətov və Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev və başqaları çıxış edərək narkomaniyanın ən böyük problemlərdən olduğunu və bu bəlanın qurbanlarının dünyada durmadan artdığını bildiriblər.
Bildirilib ki, narkotiklərin aludəçisinə çevrilmiş şəxslərin əksəriyyətini gənclər təşkil edir. Bir çox insanlar sağlamlıqlarını itirdikdən sonra öldürücü maddələrdən yaxa qurtarmağa çalışsa da, buna müvəffəq ola bilmirlər.
Görüşdə erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlərin yarandığı və onların xəstə uşaq dünyaya gətirmək ehtimalının böyük olduğu bildirilib. Buna görə də heç bir valideyn övladını yeniyetmə vaxtlarında evliliyə məcbur edərək onun gələcəyini məhv etməməlidir.
Dini radikalizm mövzusuna çıxış edənlər ölkədəki dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq, dövlət-din münasibətlərinin qanunvericiliklə tənzimləndiyini bildiriblər. Gənclərə qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən uzaq durmalarını, milli-mənəvi və dini dəyərlərimizin qorunmasında, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətdə daha fəal mövqe tutmalarının vacibliyi barədə məlumat veriblər.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri barədə qısametrajlı film göstərilib.