REGİONLAR
Gənclər narkomaniyanın gətirdiyi bəlalar və ona qarşı mübarizə yolları barədə maarifləndiriliblər
Balakən, 27 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Müasir dövrdə cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya insanların sağlamlığına, mənəviyyatına çox ciddi zərbə vurur. Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan bu dəhşətli bəladan əziyyət çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Balakəndə keçirilən dəyirmi masada səsləndirilib.
Müvafiq dövlət strukturları nümayəndələrinin, yeniyetmə və gənclərin iştirak etdiyi tədbirin əvvəlində uşaqların mövzu ilə bağlı çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Dəyirmi masada rayon icra hakimiyyətində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Komissiyasının sədri Azad Balayev narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər, həyata keçirilən profilaktik tədbirlər barədə danışıb.
Bildirilib ki, bəşəriyyət üçün çox ciddi problemə çevrilən narkomanlığın yayılmasına qarşı hamılıqla mübarizə aparılmalıdır. Bu işdə valideyn və müəllimlərin, əmək kollektivlərinin üzərinə böyük vəzifələr düşür. Narkomaniyaya qarşı mübarizə hər daim diqqət mərkəzində saxlanılmalıdır. Birgə səmərəli fəaliyyət bu dəhşətli bəlanın qarşısının alınmasına ciddi təsir göstərəcək. Əlaqədar qurumlar bu sahədə əməkdaşlığı daha da genişləndirməli, qabaqlayıcı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə diqqəti artırmalıdırlar.