CƏMİYYƏT


Gənclər narkomaniyaya yox deyir

Bakı, 24 yanvar, AZƏRTAC

Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisindəki 312 saylı tam orta məktəbdə narkomaniyanın fəsadlarına dair şagird və pedaqoji kollektivlə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Narkomaniya ümumbəşəri bəladır” və “Gənclər narkomaniyaya yox deyir” mövzusunda ətraflı söhbət aparılıb.

Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi, polis mayoru Emin Çələbiyev davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. E.Çələbiyev qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.

Rayon polis idarəsinin veteranlar şurasının üzvləri Firdovsi Bayramov və Fərhad Bağırov narkomaniyaya qarşı mübarizədə təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin birgə fəaliyyətinə böyük ehtiyac olduğunu vurğulayıb, gənclərə idmanla məşğul olmalarını, çoxlu mütaliə etmələrini tövsiyə ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verib, gələcəyimiz olan gənclərin sağlam böyümələrinin vacibliyindən danışıb.

Nizami Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova bildirib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, Nizami Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru, polis baş leytenantı Mehdi Seyidov, 23-cü polis bölməsinin əməkdaşı, polis leytenantı Aynurə Məmmədova, 40 saylı tam orta məktəbin psixoloqu Əsmər Talıbova və başqaları çıxışlarında narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verib, sağlam həyat tərzinin əhəmiyyətindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.