REGİONLAR
Gənclər, qadınlar və sahibkarlar üçün treninqlər təşkil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə, Qazax, Göyçay, Şəki nümayəndəliklərinin, "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə gənclər, qadınlar və sahibkarlar üçün treninqlər keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Biznes planların hazırlanması", "Marketinq", "Menecment", "Üzümçülüyün inkişaf perspektivləri", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Tütünçülüyün, baramaçılığın, ipəkçiliyin və arıçılığın inkişaf perspektivləri" mövzularını əhatə edən treninqlərdə marketinq araşdırmalarının aparılması və bu sahədə beynəlxalq təcrübə, insan resurslarının idarə edilməsi, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə, tütün, barama və ipək istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması, arıçılığın inkişafı və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, "Lisenziyalar və icazələr" portalından (www.lisenziya.gov.az) və "biznesdən-biznesə" elektron platformasından istifadə qaydaları, apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.