REGİONLAR
Gənclər sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşməlidir
Xaçmaz, 9 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 9-də Xaçmazda keçirilən mədəni-kütləvi aksiyada rayon gənclərinə sağlam həyat tərzi təbliğ olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi altında təşkil olunan maarifləndirici tədbirdə narkomaniyanın bütün bəşəriyyəti təhdid edən qlobal təhlükəyə çevrilməsindən danışılıb.
Nazirliyin nümayəndəsi Fərid Qurbanzadə, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov çıxış edərək narkomaniyaya qarşı ardıcıl mübarizə üçün bütün imkanların səfərbər olunması və ölkə rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədi ilə Gənclər və İdman Nazirliyinin daim narkomaniyanın profilaktikasına yönəlmiş məqsədyönlü tədbirlər həyata keçirdiyini, sağlam həyat tərzinin təbliği istiqamətində səmərəli fəaliyyət proqramları icra olunduğunu qeyd ediblər.
Bildirilib ki, narkomaniya kriminogen vəziyyətin daha da pisləşməsinə təkan verir, bir sıra ağır xəstəliklərin yayılmasını sürətləndirir, şəxsiyyətin tənəzzülü və məhvi ilə nəticələnir.
Çıxışlarda bu kimi kütləvi tədbirlərin narkomaniyaya qarşı mübarizə prosesinin səmərəliliyini yüksəltməyə imkan verdiyi vurğulanıb.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
"Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!" devizi altında mədəni-kütləvi aksiyanın respublikamızın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.