ELM VƏ TƏHSİL


Gənclər sektorunun idarə edilməsi və gənclər siyasətinə dair tədris proqramı təqdim olunub

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti” yeni magistr ixtisaslaşması üzrə tədris proqramının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədris proqramının hazırlanmasında Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, BMT-nin Uşaq Fondu (UNICEF), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov proqram haqqında geniş məlumat verib. Bildirib ki, proqramın əsas məqsədi gənclər sektorunun idarə edilməsi, gənclər siyasətini əhatə edən yeni modellərin müəyyənləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycan dövlətinin gənclər siyasətinin əsas istiqamətlərinin innovativ idarə edilməsi və digər mövzularla bağlı biliklərin çatdırılmasıdır.

Akademik Urxan Ələkbərov deyib: “Beynəlxalq təşkilatlarla layihələr 2 yerə bölünür – prosesə və nəticəyə yönəldilən. Sevindirici haldır ki, bizim layihəmiz nəticəyə yönəlib. Tədbirimizin məqsədi Azərbaycanda gənclər siyasətinin tədrisinin inkişafına dair müzakirələr aparmaqdır. Azərbaycanın inkişafının davamlılığını təmin etmək üçün yüksək bilik və bacarıqlara malik gənclər yetişdirməliyik. Bu baxımdan təqdimatı keçirilən layihə xüsusi əhəmiyyət daşıyır”.

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan insan kapitalının inkişaf etdirilməsinin əhəmiyyətindən danışaraq deyib: “Azərbaycan hökuməti insan kapitalının inkişafına önəm verir. Biz də BMT-nin Uşaq Fondu olaraq bu prosesə öz töhfəmizi verməkdən çox məmnunuq”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov qeyd edib ki, hər bir cəmiyyət uğurlu inkişafı üçün malik olduğu resurslardan səmərəli istifadə etməyi bacarmalıdır. İnsan resurslarının, xüsusilə də gənclərin inkişafı vacib məsələdir, çünki dövlətimizin gələcəyi gənclərin əllərində olacaq. Prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayır.

İrfan Davudov təqdimatı keçirilən magistr proqramının gənclər siyasətinə töhfə verəcəyinə əminliyini bildirib.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva mövzunun vacibliyini diqqətə çatdırıb. Bildirib ki, gənclərlə işləyən nəzəri və təcrübi biliklərə malik mütəxəssislərə ehtiyac var. Ümid edirəm ki, proqrama maraq gözləniləndən də yüksək olacaq.

Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Qurbanova qeyd edib ki, proqramın hazırlanmasında gənclər siyasəti sahəsinə aid olan rəsmi sənədlər toplanıb, elektron sorğu aparılıb, sahənin indiki vəziyyəti təhlil edilib və gözləntilər öyrənilib. Eyni zamanda, gənclərlə iş sahəsində çalışan yerli və xarici mütəxəssislərin fikirləri və təcrübələri nəzərə alınaraq tədris proqramı əsasında hazırlanacaq mütəxəssislərin sahə üzrə tələb olunan əsas səriştələrə yiyələnmələri nəzərdə tutulub. Tədris proqramı Təhsil Nazirliyinin dəstəyi ilə bir sıra universitetlərə “Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti” ixtisaslaşması üçün tövsiyə edilib.

Tədbir fikir mübadiləsi ilə davam edib, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.