REGİONLAR
Gənclər təntənəli şəkildə hərbi xidmətə yola salınıblar VİDEO
Ağsu, 2 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən, respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırış kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də səhər saatlarında Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında bir qrup çağırışçı gəncin təntənəli yolasalma mərasimi keçirilib.
Hərbi xidmətə yola salınan gənclər əvvəlcə Heydər Əliyev parkında müasir Azərbaycan dövlətinin, onun Silahlı Qüvvələrinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Sonra əsgər gedən gənclər Heydər Əliyev Mərkəzinə gəliblər. Burada onlara tərtib olunan stendlərdəki şəkillər əsasında Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.
Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə təntənəli yolasalma mərasimi keçirilib.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, mayor Nizami Heybətov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışıb.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, habelə veteranlar və valideynlər gənclərə vətənimizi, müstəqilliyimizi şərəflə qorumağı arzulayıblar.
Tədbirdə 3 çağırışçı gəncə ad günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin hədiyyələri təqdim olunub.
Rayon musiqiçilərinin konserti ilə müşayiət olunan mərasimin sonunda gənclər marş sədaları altında Azərbaycan bayrağını öpərək yola düşüblər.