CƏMİYYƏT
Gənclər tərəfindən böyük maraqla qarşılanan “Marş İrəli” layihəsi yenidən həyata keçiriləcək
Bakı, 12 iyul, AZƏRTAC
Gənclərin asudə vaxtının səmərəli təşkili və onlarda milli ruhun formalaşması və inkişaf etdirilməsi istiqamətində silsilə layihələrin təşkilatçısı kimi “İrəli” İctimai Birliyi indiyədək iki dəfə təşkil olunan “Marş İrəli” layihəsinə tezliklə yenidən start verəcək.
“İrəli” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi Azərbaycan gəncliyinin hərbi vətənpərvərlik ruhunun, Vətənə sədaqət hissinin gücləndirilməsi, onların fiziki sağlamlığının artırılması, geniş dünyagörüşlü, müasir düşüncəli və rəqabətə davamlı gənclərin yetişməsinə töhfə verməkdir.
Uzun müddətdir mövcud pandemiya səbəbindən genişmiqyaslı layihələrin icrası dayansa da, vaksinasiya tədbirləri nəticəsində epidemioloji vəziyyətin sabitləşməsi nəzərə alınaraq “İrəli” İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Marş İrəli” layihəsinin üçüncü mövsümünə start verir.
Layihə 2021-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda reallaşacaq.
Bu layihəni əvvəlkilərdən fərqləndirən əsas cəhət Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin verdiyi ruh yüksəkliyidir. Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıq və şücaət gənclərlə bağlı dövlət proqramının uğurlu olduğunu nümayiş etdirib. Prezident işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı çıxışlarında Qarabağı azad edənlərin əksəriyyətinin məhz onun prezidentliyi dövründə yetişən gənclərin olmasını vurğulaması gənclərə verilən ən yüksək qiymətdir. “İrəli” İctimai Birliyi daim dövlətin gənclərlə bağlı siyasətini rəhbər tutaraq, bu kursa dəstək olmaq üçün səy göstərir.
Açıq hava şəraitində, düşərgə formatında keçiriləcək hərbi simulyasiya xarakterli layihə çərçivəsində 100-ə yaxın gənc ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, həmçinin müxtəlif mövzularda maarifləndirici təlim sessiyalarında iştirak edəcəklər. Gənclərin layihədə iştirakı əsasında fiziki dözümlülükləri artacaq. Keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında gənclər bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Layihə çərçivəsində, həmçinin N saylı hərbi hissəyə səfər və digər maraqlı tədbirlər də nəzərdə tutulur.
Layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaşlı, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 80 gənc seçilərək iştirak haqqı qazanacaq.
Xatırladaq ki, hazırkı dövrədək “İrəli” İctimai Birliyi tərəfindən “Marş İrəli” layihəsi iki dəfə uğurla həyata keçirilib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda baş tutub. Ümumilikdə 400-ə yaxın gənc layihədə iştirak edib.
Qırx dörd günlük Vətən müharibəsində “İrəli” İctimai Birliyinin gəncləri həm ön, həm də arxa cəbhədə xüsusi xidmətlər göstəriblər. Bu gənclərin arasında vaxtilə “Marş İrəli” layihəsində iştirak edənlər də var.