CƏMİYYƏT
Gənclər təşkilatları vətənpərvərlik mövzusunda layihələrini təqdim etməyə dəvət olunur
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu gənclər siyasətinin əsas prinsipləri olan gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq, gənclər təşkilatlarını vətənpərvərlik istiqaməti üzrə animasiya, bədii və sənədli film və ya sosial videoçarxların hazırlanmasını nəzərdə tutan layihələrlə bağlı müraciətlərini avqustun 15-dək təqdim etməyə çağırır.
Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə təklifləri Gənclər Fondunun elektron xidmətlər sistemi vasitəsilə təqdim olunmalıdır. Layihə təkliflərinə hazırlanması nəzərdə tutulan film və videoçarxların ssenariləri mütləq əlavə edilməlidir.
Layihələr Fondun Müşahidə Şurasının 2020-ci il 6 fevral tarixli qərarı ilə təsdiqlənmiş qrant müsabiqəsindən kənar layihələrin istiqamətləri arasında qeyd edilən “Gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi istiqamətində fəaliyyətlər” mövzusunda olmalıdır. Bütün layihələrin icra müddətinin iki ay olaraq müəyyənləşdirilməsi tövsiyə edilir.
Fond tərəfindən maliyyələşdirilən layihənin icrası başa çatmış, lakin müqavilədə müəyyən edilmiş son tarixə qədər hesabatı Fonda təqdim etməyən gənclər təşkilatlarının müraciətlərinə baxılmayacaq.
Layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 10.1.1-ci yarımbəndinə müvafiq olaraq hazırlanmış “Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi Qaydası”na əsasən aparılır. Müsabiqədənkənar maliyyələşdirmə üzrə sənədlər Gənclər Fondunun saytında yerləşdirilib.