CƏMİYYƏT
Gənclər təşkilatlarında rəqəmsal inklüzivliyin inteqrasiyası layihəsi icra olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
Avropa Şurasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYOTA) təşkilatçılığı ilə Avropa Şurasının təlimçilər bazasının və SALTO gənclər portalının sertifikatlaşdırılmış təlimçiləri tərəfindən “Gənclər Təşkilatları Milli şuralarında və üzv təşkilatlarda rəqəmsal inklüzivliyin inteqrasiyası” layihəsi icra olunub.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi sosial, mədəni və coğrafi maneələrlə üzləşən gənclərin davamlı iştirakını dəstəkləmək üçün rəqəmsallaşma və inklüzivlik anlayışlarını Şərqi və Cənubi Avropanın 8 ölkəsini təmsil edən Milli Gənclər Şurası və onların üzv təşkilatlarının fəaliyyətlərinə inteqrasiya etməkdir.
Layihə çərçivəsində “İştirakçıların rəqəmsal bacarıqlarının artırılması üçün vasitə və metodların mənimsənilməsi”, “Milli Gənclər şuraları rəqəmsal vasitələrdən istifadə etməklə necə daha inklüziv ola bilərlər?”, “Rəqəmsal inklüzivlik sahəsində olan çətinliklər və imkanlar” mövzularında təlimlər və müzakirələr keçirilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinə infotur təşkil edilib. İştirakçılar dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan istifadə qaydaları ilə yaxından tanış olublar.
Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi tərəfindən Gənclərin dayanıqlı məşğulluğu proqramı və “GəncApp” tətbiqi haqqında məlumat verilib.
Layihəyə əsasən, iştirakçılar öz ölkələrində müvafiq mövzuda layihələr həyata keçirəcək və gənclər təşkilatlarının fəaliyyətində rəqəmsal inklüzivlik üzrə bələdçilər hazırlayacaqlar.