CƏMİYYƏT
Gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dair vebinar keçirilib
Bakı, 22 yanvar, AZƏRTAC
Ölkəmizin aparıcı gənclər təşkilatları müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da inkişaf etdirmək və Azərbaycan gənclərinin nüfuzlu qurumlarda təmsilçiliyinin artırılması istiqamətində daha intensiv fəaliyyətə başlayır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (NAYORA) məlumat verilib.
Qırx dörd günlük Vətən müharibəsi dövründə bəzi beynəlxalq təşkilatlar Azərbaycanın haqq mübarizəsinə kölgə salan bəyanatlar yaydılar. Ölkəmizin əleyhinə verilən həmin bəyanatlar Azərbaycanın Şanlı Qələbəsinə mane ola bilməsə də, bu, Azərbaycan gənclərinin beynəlxalq təşkilatlarda təmsilçiliyinin genişləndirilməsinin vacibliyini bir daha nümayiş etdirdi. Məhz bu məqsədlə Azərbaycanın ən böyük gənclər platforması olan NAYORA-nın təşəbbüsü ilə gənclər təşkilatlarının nümayəndələri üçün “Gənclər təşkilatlarının beynəlxalq təşkilatlarla əlaqələrinin gücləndirilməsi” mövzusunda onlayn vebinar keçirilib. Əllidən çox gənclər təşkilatının nümayəndələrinin qatıldıqları vebinarda Azərbaycan Skautlar Assosiasiyasının prezidenti, Dünya Skautlar Komitəsinin üzvü İlyas İsmayıllı gənclər təşkilatları nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsil olunması və əlaqələrin qurulması ilə bağlı təcrübəsini bölüşüb.
NAYORA-nın sədri Azər Əliyev beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulmasının vacibliyinə toxunaraq, gənclər təşkilatlarının nümayəndələrini bu istiqamətdə daha fəal olmağa səsləyib.
Vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, NAYORA-nın əsas məqsədi sıralarında birləşdirdiyi gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi əsas vəzifə hesab edir.